Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son illər pisləşməkdə davam edib. Bəzi qanunvericilik aktlarına edilən muhafizakar dəyişikliklər bu sahədə olan vəziyyətin məhdudlaşdırılması və pisləşdirilməsi üçün baza rolunu oynayıb.
Son illərdə vətəndaşların bir sıra hüquqları ilə yanaşı onların əsas hüquqlarından olan mülkiyyət hüquqları kobud şəkildə tapdanmaqda davam edib. Sənədləri qaydasında olmasına baxmayaraq mülkiyyətçilərin razılığı olmadan onların mülkləri uçurulub, dağıdılıb, əllərindən alınıb, ən yaxşı halda isə bazar qiymətindən aşağı qiymət ödənilməklə evlərindən çıxarılıb. “Qış bulvarı” layihəsi, “Sovetski” deyilən ərazidə və digər yerlərdə abadlıq və quruculuq adı ilə aparılan işlərdə vətəndaşların mülkiyyət hüquqlarının tapdanması qabarıq şəkildə özünü göstərib. Dövlət başçısının verdiyi çox saylı sərəncamlara baxmayaraq Bakıda və ətraf regionlarda mövcud olan 500 minə yaxın sənədsiz evlərin sənədləşməsi ilə bağlı məsələ təəssüf ki, korrupsiya ucbatından arxa plana keçirilib və məsələ bu günə qədər həll olunmamış qalıb.
Azərbaycanda ənənəvi olaraq seçici hüququn tapdanması artan xətt üzrə davam edib. 2013- cü il prezident seçkilərini müşahidə edən ATƏT- in Varşava Bürosunun rəyinə görə seçkilərdə saxtakarlığın səviyyəsi öncəki illərlə müqayisədə artaraq 58% olub. Bu rəqəm əvvəlki seçkilərlə bağlı verilən rəsmi qiymətləndirmənin ən pisidir. Azərbaycanda müstəqil seçki müşahidəçiliyi institutu demək olar ki, ləğv edilib. Exit- polları bir qayda olaraq hakimiyyətin yandaş təşkilatları həyata keçirir və saxta nəticələri açıqlayırlar. Hökümət 2013- cü il prezident seçkilərinə mənfi rəy vermiş 2 təşkilata- Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDT) və ATƏT-ə qarşı açıq aqressiyasını nümayiş etdirib. SMDT rəhbərləri Anar Məmmədlini və Bəşir Süleymanlını həbsə atıb. ATƏT- in isə Bakı Bürosunu bağladıb.
2012- ci ildən başlayaraq vətəndaş cəmiyyətinə qarşı hakimiyyətin davam edən basqısı artmağa və açıq müstəviyə keçməyə başladı. Hakimiyyət QHT- lərə olan hücumuna hüquqi don geyindirmək və onların fəaliyyətində süni nöqsanlar əldə etmək üçün QHT- lərlə bağlı bir sıra Qanunlara antidemokratik dəyişikliklər və əlavələr edib. Bu dəyişikliklərin ardınca sonrakı illərdə donor təşkilatların ölkədən çıxarılması, “deportasiya” edilməsi prosesi başladı. Paralel olaraq yerli QHT- lərin əmlakına və bank hesablarına həbs qoymaq, onların layihələrini dayandırmaq, vergi yoxlamalarına cəlb etmək, vətəndaş cəmiyyətinin fəallarını həbs etmək və s. kimi hallar genişləndi, kütləviləşdi. Son bir ildə Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti demək olar ki, sıradan çıxarılıb. Onların xaricdən maliyələşməsi dayandırılıb, bank hesablarına həbs qoyulub. Vətəndaş cəmiyyətinin tanınmış simalarından olan İntiqam Əliyev, Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, Xədicə İsmayıl və digərləri qanunsuz həbs həyatı yaşayır. Bir çox QHT rəhbərləri ölkəni tərk edərək mühacir həyatı yaşamağa məcbur olub.
Məhz bu təqiblərin nəticəsi olaraq ölkədə son illər siyasi məhbusların kəmiyyət və keyfiyyət baxımdan sayı artıb. Bir sıra tanınmış hüquq müdafiəçiləri, ictimai xadimlər, QHT rəhbərləri, jurnalistlər, dini ruhanilər şərlənərk həbsə atılıb. Hazırda ölkədə 80- dən çox siyasi məhbus həbsdədir. Onların 20 nəfərə yaxını vicdan məhbusudur. Bu göstəricilərə görə Azərbaycan dünyanın lider ölkələrindən biridir. Azərbaycanda olan siyasi məhbusların sayı keçmiş possovet məkanında olan 2 avtoritar ölkədə- Belorusiya və Rusiyada olan siyasi məhbusların sayından 2 dəfə çoxdur. Bir sıra insanlara cinayət işləri açılıb və onların ölkədən çıxışına qeyri- qanunu olaraq qadağa qoyulub.
Nəhayət qeyd etmək lazımdır ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi son zamanlar daha kütləvi və narahat edici xarakter alıb. Bu barədə bir sıra nüfuzlu beynəlxalq qurumların, o cümlədən Avropa Birliyinin, AŞPA-nın və Almaniya bundestaqının son qətnamələri, eləcə də ABŞ Dövlət Departamentinin, Human Rights Watch, Amnestyu İnternational və s. təşkilatların illik tənqidi hesabatları Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin gerçək səhnəsini göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkədə insan haqları ilə bağlı vəziyyətin ağır olmasına dair beynəlxalq qurumların qeydlərindən nəticə çıxarıb bu sahədə olan vəziyyəti yaxşılaşdırmaq əvəzinə Azərbaycan hakimiyyəti həmin qurumlara qarşı total hücuma keçir, həqiqəti inkar etmək yolunu seçir.
KXCP hesab edir ki, hakimiyyət ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də qanunda nəzərdə tutulan hüquqların praktiki olaraq reallaşdırılması üçün təxirə salınmaz tədbirlər həyata keçirməlidir.
01 avqust 2015-ci il, Bakı şəhəri
Hiç yorum yok :
Yorum Gönder