25 Mart, 2011

KXCP-nin 25 Mart 2011 tarixli müraciəti

1991-ci ilin 18 oktyabrında qəbul olunan "Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı"nın 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası 1918-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Bu prinsip əsas götürülərək Azərbaycan Respublikasının mövcud Konstitusiyası qəbul edilmişdir. Varisliyə əsasən Azərbaycan Respublikasının dövlət qurluşu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dəyərləri əsasında formalaşmalı idi.
Bəllidir ki, 1918-1920-ci illərdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti məhz Parlamentli Respublika olmuşdur.

Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının dövlət qurluşu dəyişdirilərək Parlamentli Respublikadan Prezidentli Respublikaya çevirilmişdir.



1992-ci ilin martında, Ali Sovetin prezident seçkiləri ilə bağlı qanun qəbul edilən sessiyasında çıxış edən Əbüfəz Elçibəy, prezident üsul-idarəsinin ləğv edilməsinin zəruriliyini əsaslandıraraq, prezident seçkiləri ilə bağlı qanunun qəbul edilməməsini, əgər qanun qəbul edilərsə ölkənin çox ciddi problemlərlə üzləşəcəyini söyləmişdir. Təəssüf ki, Ali Sovet Elçibəyin təklifini qəbul etməyərək ölkəni problemlərə sürüklədi.

Varislik prinsipinin pozulması bu gün ölkədə cox ciddi problemlərin yaranmasına səbəb olmuş, mövcud Konstitusiyanın

  • Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
  • Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
  • Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

kimi əsas müddəaları kobud şəkildə pozulur. Respublikada qanunverici (Milli Məclis), məhkəmə (Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsi və s.) və yerli idarəetmə orqanları (Bələdiyyələr) icra orqanları kimi təyin edilir, seçkilər formal xarakter daşıyır.

Bütün bunlar xalqı demokratik dəyərlərdən uzaqlaşdırır, cəmiyyəti passivləşdirir, müstəqilliyimizə ciddi təhlükə yaradır. Bu qədər sərhədsiz səlahiyyətlərlə təchiz edilmiş prezident, cəmiyyətin bütün qurumlarını öz nəzarətində saxlayan hakimi-mütləqə çevirilmək şansına yiyələnir. Ona görə də, mövcud problemlərin dahada dərinləşməsinin qarşısının alınması, xalqımızın gələcəyinə əmin olması üçün varisi olduğumuz və yalnız adını və atributlarını qəbul etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurluşunun tam bərpa edilməsinə və parlamentli respublikanın yaradılmasına çox ciddi zərurət vardır.

25 Mart 2011

Hiç yorum yok :

Yorum Gönder