04 Kasım, 2014

KXCP Əlgüşad Gülalıyevlə bağlı qanuna zidd və ədalətsiz məhkəmə qərarına etiraz edir

Klassik Xalq Cəbhəsi Partiyası Əlgüşad Gülalıyevlə bağlı Xətai rayon məhkəməsinin qanunsuz və ədalətsiz qərarına etiraz edir.

Birbaşa vəzifəsi vətəndaşların təhlükəsizliyini təmin etmək, insan haqlarını qorumaq, ədaləti bərpa etmək olan məhkəmə və hüquq mühavizə orqanlarının vəzifələrini necə mütəşəkkil şəkildə “icra” etdiklərinin acı bir nümunəsinidə bu günlərdə yaşadıq. Ötən il prezident seçkilərini total saxtalaşdıraraq hakimiyyəti növbəti dəfə qanunsuzluqla zəbt etmiş Əliyev rejimindən nə gözləmək olar? Siyasi müxalifəti sıradan çıxarmaq, vətəndaş cəmiyyətini məhv etmək, mediyanı ələbaxım vəziyyətə salmaq üçün artıq hər bir azad söz sahibinin ailə üzvləri, az yaşlı uşaqları represiya maşınının hədəfinə çevrilir.

2013- cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin və Milli Şuranın Mətbuat katibi, Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini, hüquq müdafiəçisi Oqtay Gülalıyevin az yaşlı övladı Əlgüşad Gülalıyev naməlum adamlar tərəfindən döyülərək bıçaqlanmışdır. Hadisədən bir ildən çox vaxt keçməsinə baxmayaraq cinayətkarları tapmaq əvəzinə zərərçəkən Ə.Gülalıyev özü təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılır. Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə haqqında cinayət işi açılan Ə.Gülalıyev Xətai rayon məhkəməsi tərəfindən 6 ay müddətinə islah işlərinə cəlb olunması, hər ay 15% əmək haqqından tutulması və haqqında olan qəti- imkan tədbirinin qüvvədə saxlanmaqla cəzalandırılıb. Baxmayaraq ki, məhkəmədə ifadə verən bütün şahidlər belə bir olayın baş vermədiyini, Əlgüşadın kiminləsə dalaşdığını görmədiklərini, istintaqa ifadənin polisin təzyiqi altında, az yaşlı olmalarına baxmayaraq valideynlərinin iştirakı olmadan verdiklərini demişlər. Eyni zamanda cinayət işinə əlavə edilmiş video diskdə ümumiyyətlə Əlinin kiminləsə dalaşması və kimisə vurmasına dair hər hansı görüntünün olmadığı, ən nəhayət məhkəmə proseslərində iştirak etməyən şikayətçinin sonda öz şikayətindən imtina etməsinə baxmayaraq məhkəmə siyasi sifarişlə, heç bir fakta əsaslanmadan qanuna zidd, və ədalətsiz qərar çıxarmışdır.


KXCP Əlgüşad Gülalıyevlə bağlı Xətai rayon məhkəməsinin çıxardığı qərarı qanuna zidd, ədalətsiz və siyasi sifarişlə çıxarılmış qərar hesab edir. Bu qərarı onun atası Oqtay Gülalıyevin ictimai siyasi fəaliyyəti ilə bir başa bağlı olduğunu bildirir. KXCP Xətai rayon məhkəməsinin Əlgüşad Gülalıyev haqqında çıxardığı qanunsuz hökmü pisləyir, yuxarı məhkəmə instansiyalarının həmin qərarı ləğv etməyə çağırır. KXCP eyni zamanda bəyan edir ki, Kür daşqınları ilə bağlı hüquq müdafiə fəaliyyətinə görə 08 aprel 2012- ci ildə həbs olunmuş Oqtay Gülalıyev haqqında açılmış qondarma cinayət işinə qanunvericiliyə zidd olaraq bu günə qədər xitam verilməyib. Onun haqqında olan cinayət təqibi, polis nəzarətinə verilmə barədə qəti imkan tədbiri qüvvədədir, ölkədən çıxışı yasaqdır.
KXCP yuxarı məhkəmə orqanlarının Xətai rayon məhkəməsinin Ə.Gülalıyev haqqındakı qanunsuz və ədalətsdiz qərarını ləğv etməyə çağırır, hakimiyyətin öz oppenentlərinə, vətəndaş cəmiyyəti fəalarına və onların ailə üzvlərinə qarşı sərgilədiyi qanunlara və milli dəyərlərə zidd münasibətin yol verilməz olduğunu bəyan edir. KXCP hakimiyyət tərəfindən vətəndaşlara qarşı sərgilənən belə münasibətlərin durdurulmasını, qanunsuzluqlara son verilməsini, ictimai- siyasi fəalların fəaliyyətinə normal şərait yaradılmasını tələb edir.

Hiç yorum yok :

Yorum Gönder