22 Eylül, 2014

Mirmahmud Mirəlioğlu: Hakimiyyətdə olanlar hissetmə qabiliyyətlərini itiriblər

Mirmahmud Mirəlioğlu
KXCP sədri Mirmahmud Mirəlioğlu ölkə gündəmindəki məsələlərlə bağlı Moderator.az saytına müsahibə verib.

- Mirmahmud bəy, AŞPA prezidentinin Azərbaycana səfəri ilə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə bu səfər ölkədə demokratik dəyişikliklər baxımından qismən də olsa faydalı olacaqmı?

- Bildiyiniz kimi Avropa Parlamentinin insan haqları ilə bağlı son açıqlaması cidid əks-sədaya səbəb olub. Hansı ki, bu açıqlamada Azərbaycanadakı vəziyyət öz əksini tapıb. Mən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni olduqca obyektiv hesab edirəm. Hakimiyyətin bu bəyanatla bağlı nə söyləməsindən asılı olmayaraq ilk dəfədir ki, Azərbaycanda insan haqları ilə bağlı problemlər detallı şəkildə göstərilib. Əslində Avropa Parlamentinin bu qətnaməsi səfər öncəsi çox böyük bir mesajdır. Bu, Azərbaycana öz öhdəliklərini xatırlatmaq, habelə rəsmi Bakının qoşulduğu konvensiyaların tələblərinə əməl etməyin zəruriliyi ilə bağlı məqamları da özündə əks etdirib. Bu mənada hesab edirəm ki, ən böyük səfər artıq edilib. Ən böyük iş görülüb. Hər şey ortadadır.


- Avropa Parlamentinin qətnaməsindən sonra Əli Əhmədov olduqca iddialı açıqlama ilə çıxış etdi və bildirdi ki, bizə kimsə heç nə ilə təsir edə bilməz. Sizcə hakimiyyət doğrudanmı bu qədər güclüdür ki, özünü demokratik dünyanın ziddinə gedəcək qədər qüdrətli hesab edir?

- Yaxşı olardı ki, Ə.Əhmədov öz işi ilə məşğul olsun. O, baş nazirin müavini təyin olunub. Hesab edirəm ki, Ə.Əhmədov baş nazirin müavini kimi öz işi ilə məşğul olsa daha məqsədəuyğun olar. O, hələ də özünü siyasi partiya funksioneri, icrakı katib kimi aparırsa, o zaman İlham Əliyev onun sərəncamına yenidən baxmalı, bu sərəncamda lazımi düzəlişlər etməlidir. Mən bu cür iddia ilə çıxış etməyi normal məntiqin məhsulu hesab etmirəm. Azərbaycana kimsənin təsir edə bilməyəcəyini söyləmək o deməkdir ki, artıq hakimiyyətdə bir immunitet yaranıb. Onlar hissetmə qabiliyyətlərini itirblər. Bu, olduqca uğursuz cavabdır. Söyləmək olardı ki, Avropa Parlamentinin tələblərini, tənqidlərini qəbul etmirik, onların səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil və s. Amma “bizə kimsə təsir edə bilməz” kimi ifadə düzgün deyil. Bu hakimiyyət daşmıdır ki, ona heç nə ilə təsir etmək olmasın? Əslində bu cür cavablar Azərbaycanı çox urvatsız vəziyyətə salır. Biz özümüz də utanırıq ki, bizim bu cür təmsilçilərimiz var. Ayıbdır, sadəcə ayıbdır. Nə olar ki, adamın pulu da, vəzifəsi də, varı da, dövləti də olar. Amma bütün hallarda insan öz danışığını bilər.

- Bugünlərdə Tənzilə Rüstəmxanlı sabiq təhsil naziri Firudin Cəlilovla bağlı maraqlı təşəbbüslə çıxış etdi və tanınmış alimin prezident təqaüdü ilə təltifi məsələsini gündəmə gətirdi. Siz necə, F.Cəlilovun prezident təqaüdinə layiq görülməsini məqsədəuyğun hesab edirsinizmi?

- Bu, sırf dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Bunu xatırlatmaq normaldır. Məncə Tənzilə xanım bu işin görüləcəyindən bir qədər xəbərdardır. Ona görə də bunu ictimaiyyiləşdirir. Istənilən Azərbaycan vətəndaşının müxalifətdə və ya iqtidarda olmasından, hakimiyyətə hansı münasibət sərgiləməsindən asılı olmayaraq onun haqları qorunmalıdır. Onun pensiya təminatı reallaşmalıdır. Prezident təqaüdü məsələsi nisbətən yeni məsələdir. F.Cəlilovun kitablarını yenidən nəşr etdirmək lazımdır. Onun təqaüdünü artırmaq lazımdır. Istənilən adama humanitar yardım göstərilməsini müsbət qarşılayıram. Amma F.Cəlilovun prezident təqaüdü ilə təmin edilməsi nə Tənzilə xanımın, nə mənim, nə Moderator.az saytının, nə də “Hürriyyət” qəzetinin səlahiyyətində olan bir məsələ deyil. Bu, sırf İ.Əliyevin səlahiyyətində olan bir məsələdir. O, kimə istəyirsə bu təqaüdi verər, kimə istəməzsə verməz. Reallıq bundan ibarətdir. Əslində isə hər şey başqa cür olmalıdır.

- AZB sədri Eldəniz Quliyevlə daxili işlər naziri Eldəniz Quliyev arasında məhkəmə prosesi davam edir. Məlum məhkəmə prosesi ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Kimsə kimsəni təhqir etməli deyil. Bu məsələnin birinci tərəfidir. Hətta ən ekstermal şəraitdə də belə təhqir yolverilməzdir. Ikincisi, vəzifədə olan şəxslər də rütbəsindən, səlahiyyətindən, rəhbərlik etdiyi qurumdan asılı olmayaraq vətəndaşı məhkəməyə verməyə maraq göstərməməlidir. Xüsusilə söhbət Azərbaycan məhkəməsindən gedirsə, burada məsələlərin nə dərəcədə obyektiv araşdırıldığı hər kəsə məlumdur. Biz bu məsələyə siyasi partiya olaraq münasibət bildirmişik. Biz bu məhkəmənin perspektivinə inanmırıq. Hesab edirəm ki, məsələni R.Usubov öz tərəfindən qapadacaq. Prosesi davam etdirəcəksə, şübhəsiz Azərbaycanda istənilən şəxsi həbs etdirmək mümkündür. Lakin mənim zənnimcə, tərəflər anlaşacaqlar.

- Son günlər ordunun nüfuzunun qorunması məqsədilə müvafiq qanun layihələrinə müəyyən dəyişikliklərin edilməsi, mediaya bir çox qadağa və yasaqlıqların tətbiqi gözlənilir. Sizcə ordunun, polisin və ya istənilən peşə sahiblərinin, dövlət qurumlarının nüfuzunu inzibati qadağalarla qorumaq nə dərəcədə normaldır? Ordu, polis, həkim və ya müəllim öz nüfuzunu öz əməli ilə qazanmalı, öz fəaliyyəti ilə qorumalı deyilmi?

- Nüfuz qazanılmalı və nüfuz sahibi tərəfindən qorunmalıdır. Istənilən şeyi qazanmaq elə də çətin deyil, çətin olan onu qorumaqdır. Bu məsələdə daha çox o adamlar təlaşda və təşvişdədirlər ki, bundan daha çox o adamlar danışır ki, onlar zamanında bu sirləri açıblar. Onlar özləri bu sirləri ictimaiyyiləşdiriblər. Istər media nümayəndələri olsun, istərsə də digər qurumlar. Indi onlar “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəlində olduğu kimi hərəkət edirlər. Mənim qənaətim bundan ibarətdir ki, ordu ilə bağlı məsələlər sırf Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı informasiyaların əsasında olmalıdır. Informasiyalar mətbuat xidmətindən yayılmalıdır. Bu gün bir çoxları medianı ittiham edir. Mən soruşuram, o jurnalistləri ora niyə aparmışdın? Məgər jurnalistlər orduya özbaşına getmişdi? Onları ora sən aparmışdın. Sən onu təlimatlandırmalıydın. Indi öz səhvini, öz səriştəsizliyini niyə onun-bunun üzərinə yıxırsan? Indi niyə deyirsən ki, tankın nömrəsini belə göstərdilər, filan şeyi belə yazdılar... Sən qələbə qazan, sən ordunun lazımi ehtiyaclarını təmin elə, sən həqiqətən güclü, intizamlı, sağlam ordu formalaşdır, ordudan korrupsiyanı yığışdır, ondan sonra nələrisə tələb elə. Sən qələbə qazan və əgər bundan sonra hansısa jurnalist, siyasətçi və ya hər kimsə bu qələbəyə kölgə salıbsa, onu millət, dövlət xaini elan edək. Biz də bunun tərəfdarı kimi çıxış edərik. Lakin əvvəlcə iş görmək, uğur qazanmaq lazımdır. Bundan sonra denən ki, biz uğur qazanmışıq, amma kimlərsə bu uğura kölgə salır. Sən heç bir iş görmə və üstəlik də denən ki, ordu haqında kimsə bir söz deməsin – bu, məntiqsizlikdir. Bu ordu mənim ordumdur. Bu ordu bu millətin ordusudur. Bu orduda xidmət edənlər də bu millətin balalarıdır. Indi sən balanı valideyndən ayırmaq istəyirsən? Valideyn öz övladının vəziyyəti ilə maraqlanmalı deyil? Bu barədə danışmalı deyil? Ordu tam təmin olunmalıdır. Naməlum səbəblərdən baş verən əsgər ölümlərinə son qoyulmalıdır. Əgər bu müharibə dövrüdürsə, müharibə dövründə həlak olan hərbçilərin ailəsinə, övladına təminat verilməldir. Bunlar olmalıdır. Azərbaycan ordusu haqqında danışanların özlərinin bu orduya, Azərbaycan türkünün qanına aidiyyatı varmı? Sözlə baş qatmaq lazım deyil. Problemləri həll etmək lazımdır. Qarabağı işğaldan azad etmək lazımdır. Bundan sonra ordu ilə bağlı sirləri yayan, ordunun qələbəsinə, uğurlarına kölgə salan şəxsləri kimliyindən asılı olmayaraq müharibə dövrünün qanunları ilə mühakimə eləmək lazımdır.

- Bugünlərdə Ukrayna Proşenkonun oğlu könüllü orduya yazıldı və ruslara qarşı əməliyyatlarda iştirak edir. Niderland Silahlı Qüvvəllərinin ali baş komandanının oğlu Əfqanıstanda terrorçularla döyüşdə öldürüldü və s. Maraqlıdır, niyə Azərbaycanda hər dəqiqə “ordu”, “Qarabağ” və “savaş” bağıran məmurlarımız, onların övladları bu məsələdə şəxsi nümunə göstərmirlər? Sizcə mətbuat, vətəndaş cəmiyyətləri sözü bir cür, əməli başqa cür olan məmurları ifşa etməlidirmi?

- Əlbəttə, bu cür məmurlar ifşa olunmalıdır. Baxın görün həmin məmurların övladlarınn, xüsusilə də oğlan övladlarının neçə vətəndaşlığı var. Onlar Azərbaycandan başqa daha bir neçə ölkənin vətəndaşıdırlar. Mən bunu boş yerə söyləmirəm. Axtarsınlar və həmin şəxsləri aşkara çıxartsılar. Parlamentdə oturanlardan tutmuş nazirliklərdə oturanlara qədər bu insanların milli kimlik məsələsi ilə yanaşı, qeyd etdiyiniz məsələ də araşdırılmalıdır. Bizim uğursuzlqlarımızın səbələrindən biri də bu cür dövlət məmurlarının sayının həddindən artıq çox olmasıdır. Bu məmurların dövlətin idarə edilməsində iştirakçılıq payı da yüksəkdir. Məhz bu səbəbdən də bunca uğusuzluğa düçar oluruq.

http://teleqraf.az/

Hiç yorum yok :

Yorum Gönder