01 Ağustos, 2015

KXCP III Qurultayının Sənədsiz evlər və onların qeydiyyat probleminə dair Bəyanatı



Sənədsiz evlər, onların qeydiyyatı məsələləri uzun müddətdir Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan, rəsmi qurumların vaxtaşırı müraciət etdiyi, lakin həlli bu günə qədər mümkün olmayan problemlərdən biridir.

Rəsmi dövlət qurumlarının verdiyi məlumata görə təkcə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı 500 min civarında göstərilir. Bu rəqəm yuvarlaq hesablama ilə 2 milyondan artıq ölkə vətəndaşının mənafeyinə toxunan və həll olunmadıqca ciddi fəsadlar törənməsinə, sosial və mlkiyyət sahəsində münaqişələrin yaranmasına səbəb olan problem kimi görünməkdədir. Müəyyən layihələrin həyata keçirilməsi zamanı bəzi yaşayış məntəqələrinin sökülməsi, əhalinin həmin ərazilərdən köçürülməsi, kompensasiyaların həcminin müəyyən edilməsində bu problem daha çox gündəmə gəlsə də sonradan Azərbaycan cəmiyyəti üçün aktual olan bu mövzu arxa plana keçirilir və bir növ unutdurulur. Çünki aparılan araşdırmalar göstərir və ölkədə sənədsiz evlərin mövcudluğu və problemin həllinin uzadılması bəzi qurumların, məsul şəxslərin, iş adamlarının manevr imkanlarını genişləndirməklə onların maraq dairəsindədir və korrupsiya mənbəyidir.

“Sənədsiz evlər” problemi ictimaiyyət tərəfindən müzakirə olunan, hələ sovet dönəmindən miras qalmış, ciddi sosial gərginlik mənbəyi, həmçinin uzun müddət həll olunmamış problemə çevrildiyindən, bəzi dövlət proqramlarının icraası zamanı kütləvi korrupsiya və büdcə mənimsəmələrinə şərait yaradacaq fəaliyyyət olduğundan, problemin çəkisini və əhəmiyyətini nəzərə alan KXCP aşağıdakıları təklif edir:
  • “Sənədsiz evlər” probleminin həlli zamanı insanların uzun illər boyu istifadəsində olduğu YAŞAYIŞ VƏ QEYRİ-yaşayış sahələri onların faktiki mülkiyyət hüququ kimi qeyd-şərtsiz tanınsın;
  • ölkə başçısının bu istiqamətdə müvafiq orqanlara müraciətləri, sərəncam və başqa hüquqi sənədlərinin icrasının monitorinqi aparılmalı, bu sahədə laqeydlik, ictimai maraqlara etinadsızlıq və ya birbaşa sabotaj etmək cəhdləri ciddi şəkildə araşdırılsın və qanunsuzluğa yol vermiş şəxslər cəzalandırılsın;
  • Problemin həlli üçün mərkəzi və yerli icra hakimiyyətləri qarşısında icraat üçün son müddət qoyulsun;
  • Problemin həlli təcrübəsində maraqlı rəsmi qurumların qeyri-səmimi və xırda özəl maraqlardan şıxış eməsini nəzərə alaraq geniş səlahiyyətli, cəmiyyətin müxtəlif sektorların nümayəndələrinin iştirakı ilə ictimai komissiya yaradılsın;
  • məsələnin büdcə və müxtəlif maliyyə vəsaitlərin silinməsi üçün cəlbedici olmaqla, geniş ictimai maraq kəsb etdiyindən yerli və mərkəzi icra strukturlarına, bələdiyyələrə, dövlət şəhərsalma və xəritəçəkmə orqanlarına, müvafiq ekspertlərin, media və QHT nümayəndələrinin iştirakı ilə evlərin, yaşayış və qeyri-yaşayış sahələrinin dəqiqi reyestrini hazırlayaraq geniş ictimaiyyətə təqdim etmək, bu məqsədlə müasir texnika və texnoloqiyalardan istifadə edərək müvafiq elektron xidmətlərin (sayt, qeydiyyat səhifələri) yaradılması, bütün şəffaflıq mexanizmlərindən istifadə olunması məqsədəuyğun sayılsın;
  • İstifadədə olan sənədsiz evlərin və qeyri- yaşayış sahələrinin sənədləşməsinin asanlaşdırmaq və bu sahədə korrupsiyanın qarşısını almaq üçün Dövlət Reyester Xidmətinin nəzdində “bir pəncərə sistemi” yaradılsın;
01 avqust 2015- ci il, Bakı şəhəri

Hiç yorum yok :

Yorum Gönder