01 Ağustos, 2015

KXCP III Qurultayının Suriya Türkmənləri ilə bağlı Qətnaməsi


1200 ildir ki, Suriyada yaşayan Suriya Türkmənləri bizim eranın IX əsrindən başlayaraq Tulunoğulları, İxsidoğulları, Zəngilər, Əyyubilər və Məmlük Türkləri, Səlcuqlular, Atabəylər və Osmanlı Türkləri ilə bərabər yaşamışlar.

10 avqust 1920-ci il “Sevr müqaviləsi” ilə Suriyanın Osmanlı dövlətindən qoparılaraq Fransanın nəzarətinə verilməsindən və xüsusilə 1970-ci ildə hərbi çevrilişlə “Nusayri” kökənli Hafiz Əsədin hakimiyyətə gəlişi ilə Suriya Türkmənlərinin vəziyyəti daha da ağırlaşmış, Türkiyə ilə Suriya Türkmənləri arasında əlaqələr tamamilə kəsilmişdi.

2000-ci ildə hakimiyyətə gələn Bəşər Əsəd dövrünün ilk ilində, Türkiyə ilə dostluq münasibətləri yaransa da, sonradan bu münasibətlər yenidən pozularaq düşmənçiliyə çevrilmişdir.

Bu gün Suriya əhalisinin 3,5 milyonunu Suriya Türkmənləri təşkil edir. Suriyanın Hələb, Humus, Lazkiyə, Hama, Rakka, Qolan, Şam, Tartus, İdlib və Dera bölgələrində yaşayan Suriya Türkmənləri artıq İŞİD terrorist təşkilatı və PKK terrorist təşkilatının Suriya qolu olan PYD tərəfindən yurd-yuvasından didərgin salınmaqda, soyqırıma məruz qalmaqdadırlar. Bütün bunlara özlərini demokratiyanın qarantı, insan haqlarının müdafiəsi sayan təşkilatlar səslərini belə çıxarmır, silahsız Suriya Türkmənlərinin qan içində boğulmasını, yurd-yuvasından didərgin salınmasını, kənd və qəsəbələrinə kürdlərin yerləşdirilməsini şövqlə seyr etməkdədirlər.

Suriyada baş verən bütün bu hadisələrə böyük dövlətlərin, beynəlxalq təşkilatların, xüsusilə region dövlətlərinin adekvat mövqe sərgiləməmələri, İŞİD və PYD kimi terror təşkilatlarının insanlığa qarşı törətdiyi qanlı cinayətlərə seyirçi qalmaları, terrorun etnik və məzhəb qarşıdurmalarına çevrilməsinə biganəlik göstərmələri, region xalqları ilə yanaşı, bizlərdə də böyük narahatlıqlar doğurur. Bütün bunlara Türkiyə hakim dairələrinin də lazımı tədbir görməmələri faciənin daha da böyüməsi ehtimalını artırır.

KXCP III Qurultayı:
  • Dünya İctimaiyyəti, Beynəlxalq Təşkilatları, Böyük dövlətləri, Region dövlətlərini və xüsusilə başda Türkiyə Cumhuriyyəti olmaqla bütün Türk dünyasını Suriyada baş verən faciələrin daha da genişlənməsinin, terrorun, məzhəb qarşıdurmalarının, ölkənin əsas etnoslarından biri olan Türkmənlərin məhv olmasının, yurd – yuvasından qovulub yerinə kürdlərin yerləşdirilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyi;
  • Suriyanın Ələvi, Sünni, Durzi və Kürd bölgələrinə bölünməsinin qarşısını almağı;
  • Bu terrorist təşkilatları yaradıb onlara hər vasitə ilə kömək edərək Suriyadakı Türkmənləri öz dədə-baba yurdlarından didərgin salan, Türkmənləri siyqırıma məruz qoyan terrorist təşkilatlara hərbi və maliyə yardımlarını dayandırmağı tələb edir.

01 avqust 2015-ci il, Bakı şəhəri

Hiç yorum yok :

Yorum Gönderme