01 Ağustos, 2015

KXCP III Qurultayının İraq Türkmənləri ilə bağlı Qətnaməsi


5 min ildir ki, indiki İraq ərazisində yaşayan İraq Türkmənləri bizim eramızın X əsrindən başlayaraq Səlcuqlular, Atabəylər, Xarəzmşahlar, İlxanlılar, Cəlayirlilər, Teymurlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Osmanlılarla, Xorasan, Orta Asiya, Azərbaycan və Türkiyə Türkləri ilə bərabər yaşamışlar.


5 iyun 1926-cı il “Ankara müqaviləsi” ilə rəsmən Türkiyədən ayrılan İraq Türkmənləri tarixən bugünkü Türkiyə və Suriya sərhədlərindən başlayaraq İraqın cənub-şərqində yerləşən və qədim Azərbaycan Türk boyu olan “Qut”-ların adını daşıyan Qut vilayətini Bədrə bölgəsinə qədər geniş bir ərazidə yaşamış və bu gün də yaşamaqdadırlar. Bu ərazi İraqın Mosul, Ərbil, Süleymaniyyə, Kərkük, Səlahəddin (indiki Tikrit), Diyala, Bağdat və Qut vilayətlərini əhatə edir.

Bu gün 20 milyonluq İraq əhalisinin 4 milyona yaxını İraq Türkmənləridir. 1926-cı ildən-Türkiyə ilə əlaqələri kəsilən Səddam Hüseyn rejiminin sonuna qədər kütləvi qətliamlara, deportasiyaya və assimilyasiyaya məruz qalan İraq Türkmənləri daha sonra bölgədəki xaosdan istifadə edən kürd peşmərgə çətələri tərəfindən soyqırıma uğradılmış, xüsusilə, neftlə zəngin Kərkük və Telafərdə onlara qarşı terror aktları törədilmiş, yaşadıqları ərazilərdən sıxışdırılıb çıxarılmış, yerlərinə kürdlər məskunlaşdırılmışdır.

Əl-Qaidə terror təşkilatından ayrılan, özünü “İraq-Şam İslam dövlətləri” (“İŞİD)” adlandıran terrorçu təşkilat Səddam Hüseynin BƏƏS partiyasından ayrılanlarla birgə İraq Türkmənlərinə qarşı soyqırım törətməkdədirlər.

İraq Türkmənləri İŞİD, BƏƏS və Kürd peşmərqələrinin əhatəsində köməksiz durumdadırlar. Bütün bunlara BMT, Avropa Şurası, Avropa Birliyi və s. kimi mötəbər təşkilatlar səslərini çıxarmır, silahsız İraq Türkmənlərinin qan içində boğulmasını sanki belə də olmalıymış kimi, seyr etməkdədirlər.

Başda Türkiyə iqtidarı olmaqla bütün Türk dünyası da baş verənlərə səs çıxartmır.

İraqda baş verən bu olaylara biganəlik region xalqlarında böyük narahatlıq doğurur.

Bəzi Orta və Yaxın Şərq dövlətlərinin məzhəb və etnik qarşıdurmalara yol açan siyasətləri nəticəsində terrorizm, kütləvi qırğınlar milyonlarla qaçqınlar ordusu yaratmış, hətta bəzi ölkələr faktiki parçalanma təhlükəsi ilə üz-üzə qalmışlar. Məzhəb çatışmalarına yol açan terroristlərin ancaq Türkiyə Konsulluğunun əməkdaşlarını və vətəndaşlarını əsir götürmələri, yalnız Türkmənlərin məzhəbindən asılı olmayaraq terrora və hər cür basqılara məruz qalmaları daha ciddi mətləblərdən xəbər verir. Bütün bunlara Türkiyə hakimiyyət dairələrinin susqunluğu faciənin daha da böyüməsi ehtimalını artırır.

Klassik Xalq Cəbhəsi Partiyası III Qurultayı:

• Dünya ictimaiyyətini Beynəlxalq təşkilatları, Böyük Dövlətləri, region dövlətlərini və xüsusilə Türkiyə və Azərbaycan hökümətini baş verən faciələrin genişlənməsinin, terrorun, məzhəb qarşıdurmalarının regionun əsas etnoslarından olan Türkmənlərin məhv edilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyi, İraqın Sünni, Şiə və Kürd bölgələrinə bölünməsinin qarşısını almağı;

• Bu terrorist təşkilatları yaradıb onlara hər vasitə ilə kömək edərək İraqdakı Türkmənləri öz dədə-baba yurdlarından didərgin salan, Türkmənləri soyqırıma məruz qoyan terrorist təşkilatlara hərbi və maliyyə yardımlarını dayandırmağı tələb edir.

01 avqust 2015-ci il, Bakı şəhəri.

Hiç yorum yok :

Yorum Gönderme